“Hazırda əsas hədəf 2020-ci ilin ortalarınadək minimum əmək haqqı məbləğini orta əmək haqqının 60 faizinə çatdırmaqdır” - Ekspert  

15:58 03.09.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan minimum əmək haqqı və pensiya məbləğinə görə MDB-də ən aşağı yerlərdən birini paylaşırdı. Amma sentyabrın 1-dən etibarən vəziyyət pozitiv istiqamətdə dəyişib. Təbii ki, bu təqdirəlayiq haldır və belə sosial addımlar həmişə dəstəklənməlidir”. Bu fikirləri hafta.az-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

Ekspert bildirib ki, minimum pensiyanın 110 manatdan 200 manata qədər artırılaraq, pensiyaçılar üçün yaşayış minimumunu üstələməsi xüsusilə yaşlı vətəndaşların rifahının yaxşılaşmasına səbəb olacaq: “Minimum əmək haqqında isə vəziyyət bir qədər fərqlidir. Burada hazırda əsas hədəf  2020-ci ilin ortalarınadək minimum əmək haqqı məbləğini ölkə üzrə orta əmək haqqının 60 faizinə çatdırmaqdır. Dünya ortalamasında bu, 65 faiz ətrafında dəyişir. Bu isə o deməkdir ki, Azərbaycanda indi minimum əmək haqqı 335 manat civarında olmalıdır. İlin əvvəlində minimum əmək haqqı işləyənlər üçün yaşayış minimumundan da aşağı olmaqla 130 manat idi. 250 manata qədər artırılma 1 milyona yaxın insanın rifahında müəyyən dəyişikliklərə gətirəcək. Düşünürəm ki, bu istiqamətdə artım davam etməli, minimum əmək haqqının orta aylıq əmək haqqına nisbəti ümumi dünya ortalamasına uyğunlaşdırılmalıdır”.

Mütəxəssisin sözlərinə görə, indiyədək Azərbaycanda dövlət büdcəsinin sosial yükü digər ölkələrlə müqayisədə çox aşağı idi: “Məsələn, 2019-cu ilin dövlət büdcəsi təsdiq edilərkən büdcənin sosial yükü cəmi 32 faiz ətrafında dəyişirdi. Halbuki müəyyən ölkələrdə sözügedən nisbət 70 faizin üzərindədir. Dövlət büdcəsinin kifayət qədər imkanları var ki, sosial təyinatlı xərclərin spektri genişləndirilsin. Büdcənin tərkibində 2 milyad manata yaxın vəsait sosial iqtisadi islahatların həyata keçirilməsi üçün nəzərdə tutulub. İnfrastruktur xərcləri azaldılacaq. Çünki ötən il ilə müqayisədə bu il xeyli iş görülüb və bu sahəyə tələb olunan vəsait azalacaq. Büdcənin infrastruktur xərclərini azaltmaqla xərclərin müəyyən qismini sosial xərclərə yönəltmək olar”.

Ekspertin fikrincə, Azərbaycanda kölgə iqtisadiyyatının aradan qaldırılması büdcə gəlirlərinin artımına imkan verir və sosial müdafiəni gücləndirmək üçün yeni imkanlar yaradır: “Bilirik ki, Azərbaycanda iqtisadiyyatın əhəmiyyətli bir qismi gizli iqtisadiiyyat idi. 2019-cu ilin əvvəlindən Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında” qanuna dəyişikliklər edilib. Bunlar daha çox gizli iqtisadiyyatın leqallaşdırılmasına yönəldilib. Belə olan təqdirdə dövlət büdcəsinin vergi gəlirlərində real sektordan daxil olmalarda tədricən artımlar baş verir. Bu proses davam etdirilməlidir. Çünki potensial var, amma bu potensial tam olaraq istifadə oluna bilmir. Hazırda Azərbaycanda 5 milyona yaxın məşğul insan var ki, onun da 1,8 milyona yaxını qanuni şərtlər daxilində fəaliyyət göstərir və fiskal öhdəliklərini yerinə yetirir. Digərlərinin leqal fəaliyyət sferasına daxil olması istiqamətində işlər görülür. Məşğulluq strategiyasının hədəflərinə əməl olunarsa əhəmiyyətli artımlar olacaq. Hazırda həyata keçirilən sosail təyinatlı maliyyə layihələri dövlət büdcəsi üzərində ciddi yük formalaşdırmayacaq”.

R.Həsənov öz açıqlamasında onu da vurğulayıb ki, sosial sahədə həyata keçirilən islahatlar dövlət büdcəsində xərclərin strukturunda da müəyyən dəyişikliklərə gətirib çıxaracaq: “Hesablamalardan bəlli olur ki, 950 min vətəndaş maaşların aşağı həddinin artırılmasından yararlanacaq. Amma vergi ödəyən fiziki şəxslərin sayı Hesablama Palatasının rəyinə görə bu qərardan yararlananların sayından 6 dəfə azdır. Düşünürəm ki, son nəticədə sosial dövlət anlayışı konteksində dövlət büdcəsinin xərclərini strukturunda sosial xərclərin həcmi əhəmiyyətli dərəcədə artırılmalıdır. Bu, eyni zamanda gəlirlərin yenidən bölüşdürülməsi prinsipinin ədalətliliyi baxımından əhəmiyyətlidir”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamlarına əsasən, sentyabrın 1-dən ölkədə minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb, həmçinin dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artımlar edilib. Eyni zamanda, bu il Azərbaycanda minimum əməkhaqqı məbləğinin 92,3 faiz artırılmasına, eyni zamanda, bu məbləğin yaşayış minimumunu (180 manat) 40 faiz üstələməsinə nail olunub. Minimum əməkhaqqının artımı ilk pilləsi minimum əməkhaqqı məbləği səviyyəsində olan vahid tarif cədvəlinin bütün pillələri üzrə edilən artımlar da nəzərə alınmaqla 950 min nəfərin (o cümlədən dövlət sektoru üzrə 600 min, özəl sektor üzrə 350 min nəfərin) maaşının artmasına imkan verib.

Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə tək qonşu ölkələrlə deyil, MDB ölkələri ilə müqayisədə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə artıq ikinci yerə sahibdir. Minimum əməkhaqqının artımı əhali gəlirlərinin artımına səbəb olmaqla, əmək bazarındakı proseslərə də müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin artmasını, digər tərəfdən əməyin leqallaşdırılmasını stimullaşdırır.

Dövlət başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı sərəncamlarla eyni zamanda, dövlət sektorunda işləyənlərin əməkhaqlarının 20-50 faiz artırılması isə 400 min vətəndaşı əhatə edib. İkinci sosial paketin tərkib hissəsi kimi, minimum əmək haqqının və dövlət sektorunda işləyənlərin əməkhaqlarının artımı ümumən 1 milyon 350 min insanın əməkhaqqı gəlirlərinin əhəmiyyətli şəkildə artması ilə nəticələnib.